"Qazaxıstanda baş verən hadisələrin kökündə hakim siyasi zümrənin ölkənin gəlirlərinin böyük hissəsini öz üzərinə götürməsi, az payını isə xalqa verməisidir. Bu ədalətsiz bölgü xalqda etiraz yaradır. Yəni, onlar görürlər ki, Qazaxıstanın hakim siyasi zümrəsi multi-milyarderdir. Məsələn, bizdə 2-3 nəfər milyarder varsa, bu say Qazaxıstanda dəfələrlə çoxdur. Onların da bir hissəsi köçüb, qərbdə yaşayır. Düşünürəm ki, Qazaxıstan hakimiyyəti ədalətli bölgü aparmalıdır".
Bunu "Unikal"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, bildirib ki, Qazaxıstan əhalisi kasıb yaşayır:
"Onlar bizim əhalidən varlı yaşayırlar, amma ümumilikdə götürəndə orta səviyyədədir. İş yox, sənaye çöküb, kənd təsərrüfatı inhisarlaşıb. Bizdəki proseslər orada da gedir. Orada avtomobil sürücüləri maşınlarını qazla işlədirlər. Qazın qiyməti 50 tenge idi, 120 tengeyə qaldırıblar. Məgər, 120 tenge böyük puldur? 120 tenge təxminən 20 rus rubluna bərabərdir. Amma bu, Qazaxıstan əhalisi üçün yüksək qiymətdir. Ona görə də camaat etiraza çıxıb. Oradakı müxalifət bizdə olduğu kimi çox gücsüzdür.
Camaat etiraza çıxanda, müxalifət də bundan istifadə edib, başlayıb istefa tələb etməyə. 200-dən çox etirazçı həbs edilib və barbarlıq halları da olub, lakin polislərin bir hissəsi zorakılıqdan imtina edib. Bu, Qazaxıstan hakimiyyəti üçün olduqca vacib işarədir. Onlar hakimiyyətə sadiq olmayan kadrları kənarlaşdırmalıdırlar. Görünür ki, Qazaxıstanda hakim zümrənin daxilində də çox böyük gərginlik var, amma bu hadisələri şübhəsiz ki, yatıracaqlar.
İndi hakimiyyət daxilində çat yaranıb, bəziləri də kasıb camaatdan istifadə edərək hakimiyyəti devirmək istəyirlər. Mən əminəm ki, əgər bunu bacarsalar belə, yenə də itirən Qazaxıstan xalqı olacaq. Avtoritar ölkələrdə bu cür olur. Belə ölkələrdə prezidentlər və baş nazirlər bu məsələləri həll edirlər.
Eyni zamanda onu da qeyd etməliyik ki, burada xarici faktorlar da var. Qazaxıstanın solunda Rusiya, sağında Çin, həmçinin Amerika və Avropa da var. Hansısa dolayısı yolla, hansı malın qiymətinin artması ilə, ideoloji təsirlərlə bunu edirlər. Xalqa demokratiya və ciblərinin pulla dolacağı ilə bağlı nağıllar danışırlar. Camaatın savadı da kifayət qədər deyil. Qulaq asır, amma lazımi səviyyədə qiymətləndirə bilmir. Mən inanmıram ki, Qazaxıstan camaatının siyasi şüur səviyyəsi Azərbaycan, Rusiya və yaxud Amerika camaatından yüksək olsun".
Murad İbrahimli