Yanvarın ilk 10 günü ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, əməliyyatlar nəticəsində qanunsuz dövriyyədən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.
İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hövsan, Əmircan və Yeni Günəşli qəsəbələrində həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə 5 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində tutulan Əfraim Dərbəndəliyevdən 1 kiloqram 430 qram marixuana, Ramin Abdullayevdən 60 qram heroin, Şamil Abbasovdan ümumilikdə 500 qrama yaxın heroin, həmçinin metamfetamin, Bəhruz Hüseynovdan 52 qram marixuana, Elçin Seyfullayevdən 1 kiloqram 425 qram heroin, 4 kiloqrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar olunub. Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
İdarə əməkdaşları tərəfindən həmçinin qeyd edilən dövr ərzində rayonun digər ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 25 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.