Xəbər verildiyi kimi dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar.
DİN Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki,bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
08:32
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bunu "Unikal"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hazırda araşdırma davam edir.
DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.
***
00:16
Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin ötən gün açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü əksini tapıb.