İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində raketlər aşkar edilib. Hava hücumundan müdafiə raketləri erməni hərbçilərinin qoyub qaçdığı hərbi hissədə tapılıb. Ərazidən aşkar edilən 20-ə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, döyüşə tam yararlıdı.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilir.