Qazax rayonu Xanlıqlar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş material üzrə araşdırma aparılıb.
Bu barədə "Unikal"a Qazax rayon prokurorluğundan bildirilib. Məlumata görə, aparılmış araşdırmalarla, Qazax rayonu Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kənd ərazisində yerləşən qovaq ağaclarının quruyaraq əhali üçün təhlükə yaratmasını əsas gətirərək 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yalnız budanmasına razılıq verilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Sənan Heydanov ilə razılığa gəlib 26 yanvar 2022-ci il tarixdə bələdiyyə mülkiyyətində meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə 6 ədəd qovaq ağacını qanunsuz olaraq kəsdirərək sonuncuya məxsus fermaya daşınması nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.