Deputat Cavanşir Feyziyevin təhqir etdiyi jurnalistlər toplantı keçirib.
"Unikal" xəbər verir ki, görüş "Yeni Müsavat”ın redaksiyasında baş tutub. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət olunub.
Müraciətdə bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə əsasən, Cavanşir Feyziyevin deputat mandatının ləğv edilməsi ilə bağlı prosedur başladılmalıdır.
***
Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, ötən gün yenidən geniş açıqlama yayıb. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.
"Unikal"-ın əldə etdiyi məlumata görə, deputatın təhqir etdiyi media nümayəndələri fevralın 7-də Milli Məclisin sədri Sahibə Qafarovaya yazılı müraciət ünvanlayacaqlar. Müraciətdə C. Feyziyev barəsində tədbir görülməsi və onun deputat mandatından mərhum edilməsi tələbləri yer alacaq. Jurnalistlərin müraciətinin Milli Məclisin İntizam komissiyasında təxirəsalınmadan müzakirə ediləcəyi və qəti qərar qəbul olunacağı da bildirilir.
Seymur Əli