Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.
"Unikal" xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.
Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağını işə salıb.
Məlumat verilib ki, istər elektrik stansiyasının, istərsə də yarımstansiyanın tikinti prosesi fasiləsiz rejimdə aparılıb. Elektrik stansiyasının maşın zalları, qazpaylayıcı stansiya, anbar, emalatxana binaları, yarımstansiyanın açıq paylayıcı qurğuları, idarəetmə mərkəzi, mühəndis korpusu və başqa yardımçı binalar paralel şəkildə tikilib. Aqreqatların, avadanlığın, texnika və materialların daşınması, quraşdırılması, tikintisi, yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi kimi mürəkkəb proseslər də sinxron şəkildə aparılıb. Beləliklə, “Qobu” Enerji Qovşağının tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.
“Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdıraq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir.
Bildirilib ki, yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasında isə ən müasir avadanlıq quraşdırılan 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda, həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımstansiyalar üçün hər birinin gücü 250 meqavolt-amper olan 4 avtotransformator quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu isə “Qobu” Elektrik Stansiyasının qarşısında tikilib.
Yarımstansiyanın ərazisində müasir mikroprosessor tipli rəqəmsal idarəetmə və mühafizə panelləri ilə təchiz olunmuş yeni nəsil avadanlıqdan ibarət idarəetmə binası tikilib. Yarımstansiyada məsafədən idarə olunan mikro-SCADA dispetçer idarəetmə sistemi, əks-qəza avtomatikası sistemi qurulub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq istismara verilən yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.
İdarəetmə mərkəzi ilə yanaşı, mühəndis yataqxana korpusu inşa edilib, işçi heyət üçün xidməti otaqlar, fasiləsiz əmək fəaliyyətini təmin edən şərait yaradılıb. Yarımstansiyanın ərazisində abadlıq işləri görülüb, daxili yollar çəkilib.
Qeyd edək ki, ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında isə 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.
“Qobu” Enerji Qovşağının enerjisistemə inteqrasiyası üçün Şirvandakı “Cənub” Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda, “Qobu” yarımstansiyasını strateji əhəmiyyətli 330 kilovoltluq “Yaşma” yarımstansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci “Abşeron”, 5-ci “Cənub” və 110 kilovoltluq 3-cü, 4-cü “Puta” hava xətlərinin giriş-çıxış sxemi ilə yarımstansiyaya qoşulması işləri başa çatdırılıb.
Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkgərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.
“Qobu” Enerji Qovşağının açılışından sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.
*** 11:27
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.
"Unikal" xəbər verir ki, açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.