Mart ayından başlayaraq Ağdam Cümə məscidində təmir-bərpa işlərinə start veriləcək.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.
Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır.
Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər".