"Müdafiə Nazirliyində korrupsiya əməllərinə yol verən şəxslərin həbs edilməsini müsbət hal kimi qiymətləndirirəm. Təbii ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əsas vəzifələrindən biri də budur".
Bunu "Unikal"a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O bildirib ki, bu proseslər davamlı olmalıdır:
"Rüşvət və korrupsiya hallarına yol verən şəxslərin həbs edilməsi digərlərinə də dərs olmalıdır. Hamı bilməlidir ki, heç kim toxunulmaz deyil. Bu gün öz əsgərinin malına, puluna göz dikən adam gələcəkdə Vətəninə xəyanət də edə bilər.
Təki, ötən gün həbs edilən zabitlər Dövlət Sərhəd Xidmətinin rəis müavini Əfqan Nağıyev kimi bir müddət sonra azadlığa buraxılmasınlar. Yəni, əgər onların günahları varsa, cəzalarını çəkməlidirlər.
Əlbəttə ki, hər hansı bir qurumda baş verən mənfi halların məsuliyyəti rəhbər şəxslərin üzərinə düşür. Baş verən bu proseslərdə nazir Zakir Həsənovun da payı ola bilər. Mən düşünürəm ki, bunların hamısı istintaqla müəyyən edilməlidir.
Burada əgər səhlənkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə halları varsa, istintaq hamısını üzə çıxarmalıdır. Bu, kim olur olsun, əgər iş Müdafiə nazirinə qədər gedib çıxacaqsa, cəzasını çəkməlidir".
Xatırladaq ki, ötən gün DTX Müdafiə Nazirliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan zabitlər həbs edilib.
Murad İbrahimli