"Təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlayacaq və onların əsasında layihə hazırlanacaq".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Azadlıq Radiosu"nun efirində Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının işçi qrupunun rəhbəri, Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan bildirib.
Onun sözlərinə görə, işçi qrupun işində "Rusiya Dəmir Yolları"nın mütəxəssisləri də iştirak edəcəklər.
Baş nazirin müşaviri izah edib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər: "Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var. Dəmir yolunun Yerasx hissəsinin bərpası aylar, Meğri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) isə üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Müxtəlif rəqəmlər gördüm: 220, 250, 278 (milyon dollar - red.) və hətta daha çox, gömrük məntəqələrini və digər obyektləri saymasaq”, - o əlavə edib.
Ağarza Elçinoğlu