ABŞ prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasındakı böhranla bağlı açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Bayden Rusiyanın sərhəddən qoşunlarını çıxarması ilə bağlı məlumatı hələlik təsdiq edə bilmədiklərini və Moskva Administrasiyasının Ukraynaya müdaxilə edəcəyi təqdirdə sanksiyaların hazır olduğu mesajını təkrarlayıb.
Rusiyanın Ukrayna ilə sərhədində 150 min əsgərinin olduğunu bir daha vurğulayan Bayden, "ABŞ və NATO-nun Ukraynada raketləri yoxdur. Biz oraya raket yerləşdirmək fikrində deyilik. ABŞ və Ukrayna Rusiyanı təhdid etmir", - deyə bildirib.
“Rusiya ilə toqquşmaq istəmirik” mesajını verən Bayden çıxışında Putinlə yüksək səviyyəli dialoqa hazır olduqlarını da ifadə edib.
"Rusiya irəliləsə, ABŞ və müttəfiqləri güclü sanksiyalar tətbiq etməyə hazırdır. Rusiya hərəkətə keçərsə, bu sanksiyalar ən qısa zamanda həyata keçirilməyə hazırdır. Biz Rusiya ilə birbaşa qarşıdurma yaratmaq niyyətində deyilik".
Bayden Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə “Şimal axını-2” layihəsinin reallaşmayacağını da vurğulayıb:
"Rusiya yaxın günlərdə və ya həftələrdə Ukraynanı işğal edərsə, Ukrayna üçün insan itkisi çox böyük olacaq. Rusiya üçün strateji xərclər də böyük olacaq. Əgər Rusiya Ukraynaya hücum etsə, bu, böyük beynəlxalq qınaqla qarşılanacaq".
Son olaraq Bayden, "Biz Rusiya xalqını hədəf almırıq. Rusiyada sabitliyi pozmağa çalışmırıq. Rusiya vətəndaşları bizim düşmənimiz deyil", -deyib.
Gülayə Mecid