"Nəcməddin Sadıkovla çox ciddi məsələdə ittiham olunan konkret adlar var. Buna görə də hüquq-mühafizə orqanları cinayət işi başlamalıdır. Konkret izahatlar alınmalıdır".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa ehtiyatda olan general-mayor Altay Mehdiyevin Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı səsləndirdiyi sensasion iddialara münasibət bildirərkən deyib.
Deputat bildirib ki, bu izahatlarda həqiqətən tutarlı əsaslar varsa, o zaman cinayət işi qaldırılmalı və konkret şəxsləri istintaqa cəlb etməlidirlər:
"Ola bilər ki, kimsə zərərçəkmiş, şahid kimi, kimsə də təqsirkar şəxs kimi cəlb olunsun. Bu məsələyə ciddi yanaşılmalıdır. Çünki dövlətin təhlükəsizliyi ilə və hərbi cinayətlə bağlı məsələdir. Belə bir ittiham, iddia varsa, bunun həqiqiliyini yoxlamaq olduqca vacib və zəruridir. Bunun arxasında ölən əsgərimiz, şəhidmiz, qazimiz durur. Bu hamımızı maraqlandıran hadisəsdir. Mənim yaxınım və yaxud digəri bu cür xəyanətin qurbanı ola bilər. Bu kimi məsələləri diqqətdən kənarda saxlamaq olmaz. Bunun kifayət qədər ciddi siyasi tərəfi var. Bu tərəfini də araşdırmaq lazımdır".
Anar Kəlbiyev