6-8 may tarixlərində Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçiriləcək.
Universitetdən "Unikal"a verilən məlumata görə, Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir.
Simpozium üçün təklif olunan mövzular aşağıdakılardı:
Post-Sovet dövründə Azərbaycan-Avropa əlaqələri yeni kontekstdə: “Heydər Əliyev və multikulturalizm”
Eposlar və epik şeirlər: “Kitabi-Dədə Qorqud” dastanının; Nizami yaradıcılığının; Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan“ dastanının almandilli ölkələrdə resepsiyası; “Nibelunqlar nəğməsi və onun Qafqazda interpretasiyası.” Şərq və Qərb nağıllarında (əsasən heyvanlar haqqında olan nağıllar) paralellər və kəsişmələr.
Səyahətnamələr xalqların tanışlığı üçün vasitə kimi: Johannes Schiltberger: “Osmanlı İmperatorluğunda bir kölə olaraq” (1394-1427), Fridrix Martin von Bodenştedt: “Şərqdə min bir gün” (1850), Melanie Krebs “Bakıdan Batumiyə. Əsəd bəy ilə Qafqaz səyahəti” (2018) və s.
Ədəbiyyatda didaktik janrlar: “Barlaam və Josaphat, tərcümələr vasitəsilə Avropaya mübadiləsi” .
“Friedrich Martin von Bodenştedt (1819-1892) tərəfindən Qafqaz ədəbiyyatının almancaya tərcümələri”. “Almandilli ədəbiyyat və Qafqaz", “Bədii tərcümə və transmilli proseslər.“Mədəniyyət miqrasiyası prosesləri və nümunələri: “Almanların Azərbaycanda məskunlaşması və üzümçülük” Alman sənayəçiləri Azərbaycanda. Alman memarları Azərbaycanda. Qərbi-xristian adətləri Gürcüstanda; “Ədəbi və mədəni mübadilə şəbəkəsində faktor olan fərdi şəxslər (Əsəd bəy, Qurban Səid təxəllüslü almandilli yazıçı - Lev Nussimbaum və ya Y.V. Çəmənzəminli) nümunəsində.”
Qeyd edək ki, simpozium təklif olunan mövzularla kifayətlənmir, eyni zamanda bu mövzulara aid və ya yaxın mövzular üzrə məruzə təklifləri qəbul olunur. Bütün mövzular toplandıqdan sonra onlar bölmələrə ayrılacaq və simpoziumun proqramı hazırlanacaq.
Simpoziumda iştirak etmək üçün aşağıdakı müraciət formasını, məruzənin adını, 150 sözdən artıq olmadan tezis və 5-7 açar sözlə birgə Word formatında 10 mart 2022-ci il tarixinə qədər aşağıdakı E-mail ünvanlarına göndərmək xahiş olunur: [email protected] və [email protected]
Tezislərin qəbul olunub-olunmaması haqqında müəlliflərə 31 mart tarixinə qədər məlumat veriləcək. Simpoziumun proqramında hər bölmədə 20 dəqiqədən çox olmayaraq 4-6 məruzə, hər məruzə üçün 10 dəqiqəlik müzakirə nəzərdə tutulur.
Simpozium bitdikdən sonra məruzələrin məqalə formatında nəşr olunması da planlaşdırılır. Simpoziumun işçi dili – Azərbaycan, alman, ingilis və rus dilləridir.