Müğənni Manaf Ağayevin Füzuli rayonuna qanunsuz səfər etməsi cəmiyyətdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı deputat Aqil Abbas "Unikal"a açıqlamasında məşhurların da digər vətəndaşlar kimi müvafiq icazə alaraq həmin ərazilərə səfər etməli olduqlarını bildirib:
"Mən özüm Milli Məclisin deputatıyam, azad edilmiş ərazilərə hər zaman icazə alıb getmişəm. Məşhur olmaq heç kimə həmin ərazilərə qanunsuz səfər etmək icazəsi vermir. Ərazi minalanıb və müəyyən təhlükəsizlik məsələləri var. Adam məşhur olanda deməli həmin ərazilərə icazəsiz getməlidir? Məşhur olanla adi vətəndaşın nə fərqi var? Hər ikisi Azərbaycan vətəndaşıdır. Məşhurluq burada rol oynamır. İndi kimsə Manaf Ağayevə hörmət edib, buraxıb, bu, başqa məsələdir. Yəqin ki, onu həmin ərazilərə buraxanlar da cəzalandırılacaq".
Aqil Abbas Manaf Ağayevi müharibə dövründə görünməyib, indi həmin ərazilərə səfər etdiyinə görə tənqid edənlərin fikirlərinə də münasibət bildirib:
"Manaf Ağayevin işi başqadır. Heç kim onun əlinə avtomat alıb döyüşə getməsini tələb edə bilməz. O səsi ilə, sənəti ilə vuruşa bilərdi".
Murad İbrahimli