Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"-a bildirilib ki, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.