Suraxanı Rayon Prokurorluğu paytaxt sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
"Unikal"a daxil olan məlumatda deyilir:
"Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranan mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə istintaq davam edir.
***
10:48
Daxili İşlər Nazirliyi (DİN) Bakı sakininin güllələnməsi barədə məlumat yayıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.
***08:33
Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib. O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.