Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
"Unikal"a daxil olan məlumata görə, bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Belə ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ə. Şıxməmmədov bloger olub.