Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Fikrət Məlikov bildirib ki, kiçik bizneslə məşğuldur.
"Rafael Cəbrayılov sotu 120 min manata 2 hektar torpaq satırdı. Məndən müştəri tapmağımı xahiş etdi. Mən də onu Anar adlı şəxslə tanış elədim. Anara dedim ki, özəlləşmə məsələsinə özləri köməklik edəcək",- şahid bildirib.
Zərərçəkmiş Anar Şıxəliyev bildirib ki, aldığı torpağa və onun özəlləşməsinə görə Rafael Cəbrayılova 240 min manat, qardaşı Rauf Cəbrayılova isə 340 min manat verib. Amma bağlanan müqavilə hələ də yarımçıq qalmış sayılır.
Şahid qismində ifadə verən mərhum deputatın qardaşı Elşən Cəbrayılov isə deyib ki, 2002-2017-ci illərdə qardaşı R.Cəbrayılovla tikinti işləri ilə məşğul olub.
"2017-ci illərdə Rafaellə münasibətlərimiz pisləşdi. Evlər kimə verilirdi, borc pullar niyə alınır, bu kimi şeylər münasibətləri pozdu. Axırda vəziyyət o həddə çatdı ki, son 1 obyekt qalmışdı. Sonra məndən gecə ilə pul istədi. 65 minlik maşınımı 51 minə satıb ona verdim, hətta evimi satdım, pulunu ona verdim. Təkcə bir bağ evim var ki, o da bankda girovdadı. Deyirdim ay qardaş, bu pulları neynirsən deyirdi ki, faiz götürmüşəm onları verməliyəm. Binanın tikintisinə və bütün sənədləşmə işlərinə mən nəzarət edirdim. Pay bölgüsü etməmişəm. Çünki Rafael nəzarət edirdi. Satılan mənzillərin pullarını Rafael götürüb aparırdı",- mərhum deputatın qardaşı deyib.
Zərərçəkmiş Bəşir Məmmədov isə Elşən Cəbrayılova 115 min manat verdiyini bildirib. E.Cəbrayılov onu tanımadığını deyib.
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.