Bu gün Qaradağ Rayon İcra hakimiyyətinin inzibati binasında rayon rəhbərliyinin Qaradağ rayonunda məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşü olub.
"Unikal" xəbər verir ki, görüşü Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov giriş nitqi ilə açıb. O, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olmduğunu qeyd edib.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Yalnız Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. Prezidentimiz bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görmüşdür. “Xocalıya ədalət!” şüarı altında haqq səsimizi dünyaya çatdırmaq istiqamətində xüsusi tapşırıqlar verib. 2022-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və demək olar ki, artıq Qarabağa dönüş başlanılıb.
Tədbirdə bir neçə şəhid ailəsi çıxış edərək onlara göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət Evində davam etdirilib. Əvvəl Qaradağ rayon 5 nömrəli Uşaq incəsənət məktəbinin təqdimatında Xocalı soyqırımına dair rəsm əsərlərinin sərgisinə baxış keçirilmiş, sonra Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciəyə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Xocalıdan şəhid ailəsi Elməddin Həsənov çıxış edərək faciə barədə fikirlərini söyləyiblər.
Yekunda Qaradağ rayon Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompazisiya göstərilib.