"2022-ci il 22 fevral tarixli Moskva Bəyannaməsinin imzalanması uzunmüddətli diplomatik əlaqələrin, vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda sülhün möhkəmləndirilməsinin, sabitliyin və təhlükəsizliyin artırılmasının yazılı təsdiqidir. Bəyannamə tərəflər arasındakı bərabərhüquqlu münasibətləri tənzimləyən hüquqi sənəd kimi çox böyük tarixi əhəmiyyət kəsb edir".
Bunu "Unikal"a açıqlamasında deputat Nurlan Həsənov deyib.
"Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan öz milli maraqlarına uyğun xarici siyasət yürüdür və digər ölkələrlə münasibətlərin qurulması heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində Rusiyanın rolu böyükdür. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətləri də aktiv şəkildə iştirak edir. Son olaraq əminliklə deyə bilərəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır", - deyə deputat bildirib.