Fərdi qoruyucu vasitə kimi maskadan istifadə edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmiş bir sıra vətəndaşlar iradəsinə zidd olaraq polis idarə və şöbələrinə aparılıb.
"Unikal" xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, fərdi qoruyucu vasitə kimi maskadan istifadə edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmiş bir sıra vətəndaşlar Ombudsmana müraciət edərək, müvafiq polis əməkdaşı tərəfindən onlardan cərimənin yerində ödənilməsinin tələb edildiyini, bu mümkün olmadıqda və ya bundan imtina etdikdə iradəsinə zidd olaraq, polis idarəsinə (şöbəsinə) aparıldıqlarını, müəyyən vaxt orada saxlanıldıqlarını və cərimənin dərhal ödənilməsinin tələb edildiyini bildiriblər.
Məruzədə qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.
Cərimənin ödənilməsi üçün yeganə qanuni sənəd səlahiyyətli şəxs tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında protokol”dur ki, onun da surəti barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə təqdim edilməlidir. Bununla belə, inzibati cərimənin yerində və ya dərhal ödənilməsi ilə bağlı qanunvericilikdə heç bir tələb yoxdur.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, iradəsinə zidd olaraq və qanunun tələbləri pozulmaqla müvafiq polis şöbəsinə gətirilən bir sıra vətəndaşlar cəriməni yerində və nağd şəkildə ödəmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.