"Qərbin sanksiyalarından sonra Rusiyanın müharibəni dayandıracağı ilə bağlı qəti fikir söyləmək çətindir. Çünki Rusiyanın rəhbəri reallıqları adekvat qavraya bilmir. Həmçinin, böyük dövlətin başçısı olsa da, xırda intriqalarla məşğuldur".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir:
"Amma Rusiyanı döyüş meydanından çəkilməyə Ukrayna ordusu məcbur edəcək. Hazırda Ukrayna ordusu bütün Avropanın ordusudur desək, yanılmarıq. Avropadan Ukrayna ordusuna həm könüllülər gəlir, həm də bu ölkəyə ən öldürücü silahlar verilməsi prosesi başlayıb. Bu günlərdə hətta qırıcı təyyarələr veriləcək. Ukrayna ordusu ərazisini öz gücünə tamamilə təmizləyəcək və işğalçı Rusiya qüvvələrini ərazilərindən geriyə çıxara biləcək. İnanıram ki, dünya Ukraynaya kömək olmaqla, 21-ci əsrin dinamikasına uymayan, bu əsr üçün təhlükəli diktator olan Putini sıradan çıxarmaq üçün lazım olan bütün nə varsa, hamısını edəcək".
Bu müharibənin Rusiya Prezidenti Vladimir Putinin Cənubi Qafqazdakı nüfuzuna necə təsir edəcəyinə gəlincə, Q.Hüseynli qeyd edib ki, bu müharibədə Putin lazımınca cavabını alsa, ilk öncə hakimiyyətdə qala biləcəkmi sualına cavab tapmalıyıq:
"Rusiya daxilində həm milli zəmində, həm də sosial-siyasi qarşıdurmalar baş verib-verməyəcəyini aydınlaşdırmalıyıq. Düşünürəm ki, Rusiya qarışacaq. Putini istefaya göndərmək üçün xalq ayağa qalxacaq. Onun siyasi səhnədən getməsi ilə Cənubi Qafqazda məsələlər asanlıqla həll ediləcək. Təki Rusiya bu regionda məsələlərə qarışmasın. Ondan sonra hər şey yolunu tapacaq".
Anar Kəlbiyev