"Rusiya hərbi baxımdan öz məqsədlərinə nail olmayıb. Hamıya bəlli oldu ki, Rusiya hərbi üsullarla öz məqsədlərinə nail ola bilməz".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Eks-nazir bildirib ki, Rusiyaya qarşı qəbul olunan sanksiyalar tam izoliyasiyadır:
"Rusiya iqtisadi, maliyyə və digər sahələrdə tam blokadaya düşüb. Bu, çox ciddi mənfi iqtisadi nəticələr verəcək. İstisna etmirəm ki, Rusiyanın ərzaq təminatında problemlər yaranacaq. Bu ölkənin ərzaq təminatının yarısından çoxu xaricdən gələn məhsullardan ibarətdir. Maliyyə tam şəkildə blokada olunub. Heç bir ödəniş mümkün deyil. Bu baxımdan ciddi iqtisadi böhran gözlənilir. Bu da öz növbəsində siyasi böhran olacaq".
Bu müharibənin Rusiya Prezidenti Vladimir Putinin Cənubi Qafqazdakı nüfuzuna necə təsir edəcəyinə gəlincə, T.Zülfüqarov qeyd edib ki, siyasi böhran çox ciddi və dərin olacaq:
"Bu halda hakimiyyətin dəyişməsi də mümkündür. Belə bir hal baş versə, Rusiyanın daxilində idarəetmə sistemi zəifləyəcək. Rusiya öz problemləri ilə məşğul olacaq. Xaricdə olan nüfuz dairələri diqqətsiz və dəstəksiz qalacaq. Suriya, Cənubi Qafqaz layihələri, o cümlədən Ermənistanda yerləşən hərbi qüvvələr. Bizim ərazimizdə olan sülhməramlı qüvvələrin dəstəksiz qalmasını istisna etmirəm. Hansısa mərhələdə oradan rusların getməsi də real məsələ ola bilər. Azərbaycan olaraq böyük bir dəyişikliklərə hazır olmalıyıq".
Anar Kəlbiyev