Fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.
Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam edir.
Murad İbrahimli
***
10:03
Göyçay rayonunda gənc qızı qaçıran şəxsə bağlı cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Feyruz Mahmud oğlunun həmkəndlisi, 2001-ci il təvəllüdlü M.N-ni (Ad soy adı şərti) onun iradəsinə zidd olaraq qaçırıb oğurlaması ilə bağlı hadisə Göyçay Rayon Polis Şöbəsində araşdırılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsilə cinayət işi başlanıb.
Faktla bağlı istintaq davam etdirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu "Unikal"a təsdiqləyib.
Qeyd edək ki, hadisə fevralın 26-da səhər saatlarında Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində qeydə alınıb. Belə ki, F.Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən F. Əliyev saxlanılıb.