“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
"Unikal" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qürbət Əsgərovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.
İ.İsmayılovun vəkili İlhamə Həsənova bununla bağlı bildirib ki, Zərifə Həmzəyevanın “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılova qarşı 2 milyon manat borc tələbinə dair iddiası üzrə mülki işdən birinci instansiya məhkəməsinin qətnaməsində verdikləri şikayətə baxılıb.
Onun sözlərinə görə, Z.Həmzəyevanın tələbi ondan ibarətdir ki, guya, İlqar İsmayılov ondan 2 milyon manat borc alıb:
"Qanunvericiliyin tələbinə görə, borc münasibətləri borc müqaviləsi formasında rəsmiləşdirilməlidir. Ortalqıda heç bir müqavilə yoxdur. 2017-ci ildə İlqar İsmayılov həbsdən azad olunandan sonra bəyan edib ki, onun “İdeal” şirkətində olan payı həbsxanada olduğu zaman alqı-satqıya məcbur edilib. Belə ki, həbsxanada ona alqı-satqı müqaviləsinə imza atdırılıb. Bunun əvəzi olaraq qarşı tərəf İlqar İsmayılova 18 milyon manat ödəməli idi. Həbsxanadan çıxdığına görə həmin vəsaitin 2 milyon manatını ödəmiş və maddi yardım formasında rəsmiləşdirmişdir. Aralarında heç bir yazılı borc müqaviləsi olmadan hazırda Zərifə Həmzəyeva həmin məbləğin borc olduğunu iddia edir və onun qaytarılmasını tələb edir.
Vəkil qeyd edib ki, bütün bu sənədləri qarşı tərəf təqdim edir:
"Sənədlərdən də açıq şəkildə görünür ki, bu, borc deyil, maddi yardımdır. Qanunvericiliyin tələbində birmənalı göstərilir ki, borc müqaviləsi rəsmi şəkildə bağlanmalıdır. Məhkəmədə bütün bu dəlilləri ortalığa qoyduq. 2017-ci ildən bu günə qədər Z.Həmzəyeva belə bir iddia qaldırmamışdı. Sadəcə İlqar İsmayılov öz hüquqlarının tələbi ilə bağlı məhkəmələrdə iddia qaldırdıqdan sonra onlar məhkəməyə müraciət ediblər. Heç bir sübut olmadığı halda, birbaşa qanunvericiliyin tələbinə zidd olaraq apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bu qərardan narazıyıq, Ali Məhkəməyə şikayət verəcəyik. Bütün müstəvilərdə olan hüquqi mübarizəmizi sona qədər davam etdirəcəyik".
Anar Kəlbiyev