Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyyə edilmiş azərbaycanlı sürücülərin sayı 19-a çatıb.
Bu barədə "Unikal"a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Məlumata görə, səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşüb. Bu saatlarda isə Odessa limanı ərazisindəki 5, Çerkassı və Vinnitsa şəhərlərindən isə 2 sürücü Moldovaya doğru istiqamət alıb. Ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Bolqarıstana çatıb. Bir sürücü isə yükü ilə bağlı Rumıniya sərhəddindədir.
*** 13:14
Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edilib.
Bu barədə "Unikal"a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Qeyd edilib ki, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə marşrutu üzrə hərəkət edəcəklər. Sürücülərin təxliyyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb.
ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyyə prosesində Kiyevdə cəmləşən 9 nəqliyyat vasitəsi var.
Növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyəsi planlaşdırılır.
Bundan öncəki təxliyyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb. Hazırda onlardan 6-ı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir.