Hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, sabiq səfir Eldar Həsənovun övladları - Səbinə Hüseynova, Emilya Qurbanova və Anar Həsənov Prezident İlham Əliyevə müraciət edib.
"Unikal" həmin müraciəti təqdim edir:
Çox hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan!
Bu müraciəti Sizə 28 il yaxından tanıdığınız, Sizə sadiq olan Eldar Həsənovun övladları olaraq göz yaşları içində yazmağa məcburuq. Atamızın 28 ildə heç vaxt heç bir tərəddüd etmədən etdiyi xidmətlər, gördüyü işlər, hamıdan çox Sizə yaxşı məlumdur. Məruz qaldığı ədalətsizliklərə, təqiblərə, ayrı-seçkiliyə baxmayaraq məhkəmədə son sözündə Prezidentinə və Dövlətinə ömrünün sonuna qədər sədaqətli qalacağını bildirən insana layiq olmadığı ən ağır cəza verildi.
Sizə çox məlumatlar verə bilərlər, hətta Sizi qəzəbləndirən məlumatları da qisas almaq üçün xüsusi olaraq hazırlayıb təqdim edə bilərlər. Amma Siz çox təcrübəli, müdrik insansınız, böyük siyasətçisiniz, dərin təhlil qabiliyyətiniz var. 2-ci Qarabağ müharibəsində bizim də doğma yurdumuz Kəlbəcər rayonu daxil olmaqla 30 il işğal altında olan əzəli torpaqlarımızı qəhrəmancasına azad edərkən bunun bir daha əyani şahidi olduq. Bu gün də bu uğurlara söykənərək yeni, daha güclü Azərbaycan qurursunuz. Buna görə Sizə dünyalar qədər minnətdarıq. Əfsuslar olsun, 1-ci Qarabağ müharibəsində Qazaxdan Naxçıvanadək var gücü ilə çalışan, müharibədə iştirak edən atamız bu sevinci həbsdə yaşadı. Hətta saxlanıldığı həbs yerindən Sizə təbrik və minnətdarlıq məktubları göndərdi.
Möhtərəm cənab Prezident!
Ailəmizin, qohum-əqrəbalarımızın, yaxınlarımızın evlərində Prokurorluq və məhkəmə qərarları ilə axtarışlar aparıldı, 38 nəfər barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Nəticədə istər atamız, istərsə də biz, ailə üzvləri, qohum-əqrəba ilə bağlı heç bir qanunazidd əməl, fakt aşkar olunmadı. Heç bir müqavilə-kontrakda, bank-maliyyə sənədlərində imzası olmayan, əleyhinə heç bir şahid ifadəsi olmayan bir insan barəsində günahsız olduğuna baxmayaraq hansısa möhtəbər sübutlara yox, ehtimal və mülahizələrə əsasən çox amansız bir hökm oxundu.
Möhtərəm, cənab Prezident!
Yüksək diqqətinizə çatdırırıq ki, atamız son 5 ildə 7 ağır cərrahi əməliyyat keçirib. Həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar oldu. O, 3 dəfə DTX hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən yarımçıq saxlanılaraq istintaq təcridxanasına qaytarıldı. Son 5 aydır ki, qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik 31 dərman qəbul edən bir insana belə qeyri-humanist, amansız, qəddar münasibət olarmı?! Əminik ki, bunların hamısını Sizdən gizlədirlər.
Möhtərəm, cənab Prezidentimiz!
Məhkəmədə Atamız son sözündən sonra ailə üzvlərinə, qohum əqrəbasına, yaxınlarına, vəkillərinə KİV-də, sosial şəbəkələrdə onunla bağlı hər hansı bir çıxışa, müraciətə, müzakirəyə, müsahibəyə qəti qadağa qoydu. Bu günə qədər hər kəs onun sözünə riayət edir. Ona görə də bilmirik ki, bizim sifarişli poçtla göndərdiyimiz bu müraciətin Sizə çatmasına imkan verəcəklərmi? Ümid edirik ki, bu dəfə mane olmayacaqlar. 19-cu aydır ki, çoxsaylı ərizə və müraciətlərimizlə bağlı heç bir dövlət qurumundan bir kəlmə də olsun nə yazılı, nə şifahi bir cavab verən olmadı, heç kim qəbul etmədi. Ona görə də Allahdan sonra tək ümid yerimiz, inam yerimiz Sizsiniz, cənab Prezident.
Atamızın Apellyasiya Məhkəməsi mart ayında - Novruz bayramı ərəfəsindədir. Bu müqəddəs bayram ərəfəsində atamızın azadlığa buraxılmasına dəstək göstərməyinizi Sizdən xahiş edirik. Onun səhhəti çox ağırdır. Təcili stasionar xəsətəxanalardan birində müalicəyə başlamasına ehtiyac var. Əks halda, onu hər an itirə bilərik. Ümid edirik ki, bizim səsimizi eşidəcəksiniz və atamızla bağlı müsbət qərar verəcəksiniz. Tanrı Sizi və Azərbaycanımızı qorusun!