Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusu istiqamətində Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, YAP Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanovun gənclərlə görüşüb.
"Unikal" xəbər verir ki, tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Toplantıda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gəncləri salamlayıb və qeyd edib ki, bu gün Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı qanı-canı bahasına geri qaytarması dövlət, millət olaraq nəyə qadir olduğumuzu bir daha sübüt edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərib. Çünki vətənpərlik emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət və cəmiyyət üçün vacib məsələdir. Vətənpərvərlik ruhunun tərbiyəsindən asılı olaraq bu hiss insanı birləşdirə də bilər, ayıra da. O, cəmiyyəti, xalqın mənəviyyatını inkişaf etdirə bilər, eyni zamanda mədəniyyəti qapalı, anklav vəziyyətə də sala bilər. Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, YAP Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanov söyləyib ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bildirib ki, “ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran respublika ağsaqqalları, elm adamları, ziyalılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib. Əhliman Əmiraslanov bildirib ki, bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Buna görə də biz şanlı tariximizdə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Mənəvi və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı əlaqədədir. Çünki mənəviyyat pozulanda gənclərin fiziki sağlamlığını da pozur. Dünya təcrübəsi, tarix əsrlər boyu göstərmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, ümumi saflığı, millətin bu günü və gələcəyidir.” Daha sonra gənclərlə aktiv müzakirə formatında keçən görüşdə gənclər öz ürək sözlərini bölüşüb və suallarına cavab alıblar. Müzakirələrdə aktiv iştirak edən gənclərə akademik Əhliman Əmiraslanov təşəkkürünü bildirib. Sonda gənclərlə xatirə şəkli çəkilib.