Şəhid adlarının küçələrə verilməsi ilə bağlı ciddi sosial narazılıq mövcuddur. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, Nazirlər kabinetinin qərarına və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. 

O qeyd edib ki, qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın.  
 
"Təklif edirəm ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya belə ola bilər: yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilir. İcra hakimiyyətlərini bu qədər mərkəzə tabe etmək yanlışlıqdır. Qoy özləri qərar versinlər. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq lazımdır”.

Anar Kəlbiyev