Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.
"Unikal"ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclası çərçivəsində müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklikdə qeyd edilir ki, “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, bundan əvvəl müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.
Qanuna dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Anar Kəlbiyev