Ölkəmiz həm döyüş, həm də informasiya cəbhələrinin qalibidir. Ermənistanın ölkəmizə müharibəyə başladığı günlərdə Prezident İlham Əliyev dünyanın 30-dan artıq aparıcı kütləvi informasiya vasitələrinə Qarabağın əzəli Azərbaycan torpağı olması, ermənilərin ölkəmizə qarşı düşmənçilik tarixinin 200 ildən çox davam etdiyi, müharibənin başlanma səbəbləri barədə müfəssəl məlumat verib. Artıq dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasəti barədə tam məlumatlandırılıb. Söz yox ki, bəzi ölkələr dövlətimizin başçısının mətbuata açıq olmasından sui-istifadə edərək həmin müsahibələrə jurnalist əvəzinə, təxribatçılar göndərmişdi. Ancaq bu fikrə düşənlər istəklərinə nail ola bilmədilər. Çünki Prezident İlham Əliyev böyük səbir, təmkin, müdriklik, siyasi uzaqgörənlik nümayiş etdirərək təxribatçı jurnalistlərə layiqli dərs keçdi. Səlis və düşünülmüş cavabları ilə onları susdurdu.
Bunu "Unikal"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Onun sözlərinə görə, bu gün dünyanın başı üzərini almış təhlükələr - koronavirus pandemiyası, miqrant axını, qarşıdurmalar, münaqişələrin alovlanması və müharibə həddinə çatdırılması Azərbaycanı inkişaf yolundan çəkindirə bilmədi. Son zamanlar iri infrastruktur layihələrinin reallaşdırılması, əhalinin güzəranının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir. Qarabağda aparılan yenidənqurma və abadlıq işləri isə dünyanı valeh edib. Bütün bunlarla yanaşı informasiya cəbhəsində də qələbələrimiz bir-birini əvəz edir.
Hüquq müdafiəçisi bildirib ki, müstəqilliyinin 30-cu ilini qeyd edən Azərbaycan ilk günündən informasiya savaşı ilə üzləşdi. Ermənistan yalan məlumatlarla dünya birliyini inandırır, Azərbaycan haqqında şayiələr uyduraraq ölkəmiz barəsində xoşagəlməz fikirlər formalaşdırırdı. İnformasiya blokadasına alınmış Azərbaycan çıxılmaz vəziyyətlə üzləşmişdi. Xüsusilə, Qarabağ müharibəsi əsasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla, informasiya cəbhəsində blokadaya alınmaqla müşahidə olunurdu. Dünyanın hələ dezinformasiyanı tam qavramadığı dövrdə Azərbaycan bunlarla üz-üzə qaldı. Təbii ki, müstəqilliyimizin ilk illərində biz bu savaşa hazır deyildik. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını günbəgün işğal edir, günahkar isə bizi hesab edirdilər. Üstəlik, bu işğalın terror, aqressiv separatizm, ayrı-seçkiliklə müşahidə olunduğu təqdirdə dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən soydaşlarımız öldürüldüyü halda, azərbaycanlıların erməniləri öldürdüyü irəli sürülürdü. Bunun nəticəsində erməni soyqırımı adı altında dünyada genişmiqyaslı təbliğat aparılırdı. Bütün bunların fonunda Azərbaycan öz haqlı mübarizəsini davam etdirərək dünyaya həqiqəti çatdırmağa çalışırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi kursun tədricən Ermənistanın dezinformasiyasına son qoyduğunu vurğulayan Ç.Qənizadə deyib: “Nəhayət otuzillik işğal dövründə gücümüzü toplayaraq, informasiya müharibəsində də erməniləri darmadağın etdik. Strateji kommunikasiya və rabitə formalaşdıraraq, bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Vətən müharibəsində dövlətimizin başçısının dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə bir daha özünü doğrultdu”.
Hüquq müdafiəçisi deyib ki, bu gün də ermənilər arasında cildlərini dəyişmiş “jurnalistlər”ə hələ də rast gəlirik. Onlar yaranmış fürsətdən istifadə edərək təxribatçı suallarla aranı qatmağa cəhd edirlər. Lakin həmişəki kimi yenə də layiqli cavablarını alırlar. Ölkəmiz haqqında həqiqətləri saxtalaşdırmağa çalışan belə jurnalistlərə əsl həqiqətin nədən ibarət olduğu bildirildikdə onlar dediklərinə də peşman olurlar.
Prezident İlham Əliyevin Moskvaya səfəri çərçivəsində TASS agentliyində Rusiyanın aparıcı KİV-nin rəhbərləri ilə görüşü zamanı baş vermiş bir hadisəni xatırladan Ç.Qənizadə bildirib: “Həmin görüşdə “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın qərəzli sualı erməni millətçilərinin sülhün əldə edilməsinə mane olmaq cəhdlərinin bir daha təsdiqidir. Onun qərəzli sualı Prezident İlham Əliyev tərəfindən real faktlar əsasında cavablandırıldı və bu cavab Marqarita Simonyana “tərs sillə” kimi oldu. M.Simonyanın özünün dediyinə görə, o, beşinci nəsli rusiyalıdır. Rusiyalı kimi sual verdiyini deyən Simonyan Prezident İlham Əliyevin də dediyi kimi, “indiki halda erməni kimi” sual verdi. Erməni mənşəli jurnalist erməni millətçilərinə xas olaraq, faktları təhrif edərək 30 il müddətində və hətta XX əsrin əvvəllərində törətdikləri soyqırımları, insanlığa zidd olan qətliamları görməzliyə vuraraq qarşı tərəfi günahlandırır və ermənilərin Azərbaycana etnik mənsubiyyətinə görə buraxılmadıqlarını iddia edirdi”.
Ç.Qənizadə əlavə edib: “Əslində, Azərbaycana qarşı əsassız iddialar irəli sürən jurnalist, ilk növbədə, dərk etməli idi ki, 30 il müddətində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı zamanı törədilən soyqırımı, həmin ərazilərdə mədəni irsin, yaşayış məskənlərinin məqsədyönlü sürətdə məhv edilməsi, uzun illər ərzində tarixi saxtalaşdırmaqla məşğul olan erməni millətçilərinin Moskvada yalan iddialar irəli sürməsi heç bir jurnalist etikasına uyğun deyil.
Təbii ki, həmişəki kimi, bu dəfə də təxribatçı jurnalist layiqli cavabını aldı. Dövlətimizin başçısı digər təxribatçı jurnalistlərə olduğu kimi, Marqarita Simonyana da “master klass” keçdi”.