Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Goranboy Suvarma Sistemləri idarəsi rayonun 66500 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Ötən il əkin sahələrinin suvarılması tam olaraq aparılıb. Bu sahələrdən 3000 ha pambıq, 24500 ha taxıl, 15200 ha yem bitkiləri, 8500 ha həyətyanı, bostan, çoxillik bağ, günəbaxan, qarğıdalı, çuğundur və tütün plantasiyaları olub. Bu il də idarə payızlıq və yazlıq əkinlərin suvarılmasının mütəşəkkil aparılması üçün hazırlıq işlərini davam etdirir. Rayonda əkin aparılan sahələrin 46000 hektarı 958 ədəd subartezian quyusu və 16 ədəd nasos stansiyaları, 20500 hektarı isə təbii su mənbələri vasitəsi ilə suvarılır. Suvarma suyunun əkin sahələrinə çatdırılması üçün 1100 metr torpaq məcralı kanal beton üzlüyə alınıb, 3 ədəd hidrotexniki qurğularda və 3 ədəd nasos stansiyalarında cari təmir işləri aparılıb. Bundan başqa balansda olan 680 ədəd subartezian quyularının nasosları təmir olunub, 50 ədədinin idarəetmə şitləri yeni çəpərə alınıb, 45 ədəd subartezian quyularının isə elektrik avadanlıqlarında sazlama işləri aparılıb.
Goranboy rayonunda uzun illərdir təsərrüfatla məşğul olan fermerlər bu il əkdikləri məhsulun sahəsini genişləndirmək qərarına gəliblər. Bu da suvarma suyunun daha asan və itkisiz əldə olunması ilə əlaqəlidir.
Goranboy Suvarma Sistemləri İdarəsi su itkisinin qarşısının alınması və suvarma suyununun fermerlərə daha asan çatdırılması üçün torpaq məcralı kanallarda lildən təmizləmə işlərini də davam etdirir. Bu günə qədər idarənin texnikaları vasitəsilə 541 min kub metr kanal və arxlarda lildən təmizləmə işləri görülüb, selə qarşı mübarizə tədbirləri çərçivəsində isə 77000 kub metr çay məcraları təmizlənib.
Qeyd edək ki, idarə tərəfindən məhsuldarlığını tamamilə itirmiş Xınalı, Goranlı, Fəxralı, Qaramusalı, Borsunlu Səfikürd kəndlərində 1, Veyisli kəndində isə 2 ədəd olmaqla ümumilikdə 8 ədəd subartezian quyusunun iş rejimi bərpa olunub.