“İndiyə kimi Azərbaycanda iki “Qırmızı kitab” nəşr olunub”.
"Unikal" xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.
O bildirib ki, “Qırmızı kitab”ın üçüncü nəşrinə hazırlıq gedir: “Qanuna görə 5-10 ildən bir “Qırmızı kitab” yenilənməlidir. Elə növlər var ki, onlar ikinci nəşrdə sayları çox olsa da kitaba daxil olunmuşdu. Məsələn, tirandaz (oxlu kirpi) sayı o vaxt da çox idi, indi də çoxdur. Artıq bu heyvanın arealı da artıb. Şimala doğru bu heyvan yayıla-yayıla gedir. O vaxt adamlar bu heyvanla qidalandığı üçün “Qırmızı kitab”a salınmışdı. Yəni bu heyvanın nəslinə təhlükə var idi. Hazırda da bu heyvanın ətindən kimsə qidalanırsa, bu çox yanlışdır. Çünki bu heyvan gəmiricidir. Siçovulda olan xəstəliklər bu heyvanda da var. Artıq AMEA-da iclas keçirildi və həmin heyvanın adının növbəti nəşrdən çıxarılması barədə qərar qəbul edildi. Əvvəlki nəşrdə olan bir neçə növ quş, məməli heyvan “Qırmızı kitab”dan çıxarılacaq. Məsələn, ceyranların sayı Azərbaycanda çox az idi. Bu say 200-ə qədər idi. Hazırda tək Şirvan Milli Parkında 7000-ə qədər ceyran var. Amma bu heyvanın sayı artsa da, nəslinin kəsilməsinə olan təhlükə aradan qalxmayıb. Təhlükələr hələ də var deyə alimlər onu “Qırmızı kitab”dan çıxarmağa tələsmirlər”.