Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan möhtəşəm bayram tədbiri keçirilib. Universitetin Əcnəbi dillər kafedrası və Elektron kitabxana şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rektor, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti və tələbələr iştirak edib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan aparıcılar bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzulayıblar. Dünyanın bir çox ölkələrində hər il qeyd olunan 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi haqqında qısa məlumat veriblər. Qeyd ediblər ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulub, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Bayram tədbiri tələbələrin ifasında yaddaqalan musiqilər, səhnəciklər və rəqslərlə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda universitetin bütün fakültələrinin tələbələri öz ifaları ilə xanımlar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıblar. Universitetin Memarlıq fakültəsinin tələbələri “Tərəkəmə” milli rəqsini və “Vals” nümayiş etdiriblər. İnşaat fakültəsinin tələbəsi Elturan tarda, Nəcəf gitarada bir-birindən gözəl, rəngarəng musiqi parçaları təqdim ediblər. Tələbələrdən Fərəməz, Tacir, Vüsal və Səbinənin səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb. Səbuhi, Nigar və Abbasın ifasında səslənən “Sarı gəlin”, “Əziz anam” və s. mahnılar özünəməxsusluğu ilə seçilib.
Azərbaycan tarixində ilklərə imza atan tanınmış qadınlarımızın tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan danışan Cahan həmin görkəmli qadınlarımız haqqında danışıb, video-çarx vasitəsi ilə onları gənclərə tanıdıb.
Tədbirin sonunda təşkilatçılar - Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova və Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova bayram münasibəti ilə təbriklərini səsləndiriblər, tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə AzMİU-nun rektoru Gülçöhrə Məmmədovaya təşəkkür ediblər.