“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə yeni Avropa mənşəli cins damazlıq heyvanlar - “Simmental” inəkləri gətirilib. İnəklər kompleksin iribuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb.
"Unikal" xəbər verir ki, Avstriya mənşəli “Simmental” cinsi Avropada geniş yayılıb, südlük-ətlik və ətlik-südlük istiqaməli cinsdir. “Simmental” adaptasiya baxımından quru-rütubətli, isti-soyuq iqlimlərə tez uyğunlaşan cins damazlıq heyvandır. Bu malın məhsuldarlıq və damazlıq keyfiyyəti olduqca yüksəkdir, yerli cinslərin təkmilləşdirilməsində istifadə edilir. Bu cinsin əsas xüsusiyyətləri: yediyi yemin müqabilində çoxlu məhsul hasil etmək, tezyetişkənlik, kökəlmə qabiliyyəti, ətin yüksək keyfiyyətli olması və sairdir. Ətlik-südlük istiqamətli Simmental cinsli heyvanların süd məhsuldarlığı və yağlılığı kifayət qədər yüksəkdir (5500-6500 lt və yağlılığı 3,8-4,1%). “Simmental” cinsli damazlıq heyvanların laktasiya dövrü 305 gündür. Süd məhsuldarlığı 1-ci laktasiya dövründə 5500 lt-dən çox, 2-ci laktasiya dövründə 6500 lt-dən çox, 3-cü laktasiya dövründə 7000 lt-dən çox olur. “Simmental” cinsin ətlik keyfiyyəti yüksək olub, kökəldilmiş cöngələr 18 aylıqda 500 kq, 24 aylıqda 650 kq canlı kütləyə çatırlar. Yaxşı yemləmə və bəsləmə şəraitində 900-1100 qram sutkalıq çəki artımı əldə etmək mümkündür. Təmiz ət çıxarı 50-55 faiz olur.
Bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır. Xatırladaq ki, kompleksdə heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi-satış mərkəzində və auksionda hərraca qoşularaq əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında həm video çarx vasitəsilə, həm də satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Yəni, heyvan alışı zamanı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 60% dövlət güzəştinin tətbiqi, lizinq, sığorta və qiymətlələndirmə şirkətləri mərkəzin özündə fəaliyyət göstərdiyi üçün artıq bu qurumlara ayrı-ayrılıqda müraciət etməyə ehtiyac qalmır. Fermer seçdiyi, aldığı heyvana görə sənədləşdirmə işlərini bir gün müddətində vahid mərkəzdə həyata keçirmək imkanı əldə edir.
Kompleks həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə satışda olan heyvanlar haqqında məlumat almaq üçün 1659 əlaqə nömrəsi fəaliyyət göstərir.