Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin polisə çağırılmasının səbəbini açıqlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov "Unikal"a bildirib ki, ötən ilin iyul ayında Bakı şəhər sakinləri - Bəxtiyar Hacıyev və tanışı Ülviyyə Muradova qarışıqlı ərizə ilə Yasamal Rayon Polis İdarəsinə şikayət ediblər:
"Onların müraciətləri araşdırıldı və müəyyən edildi ki, Bəxtiyar Hacıyev pişiyinin Ülviyyə Muradovanın pişiyi ilə cütləşməsindən doğulacaq balalardan birini qadına verməyi vəd etsə də, sonradan o, vədinə əməl etmədiyindən tərəflər arasında narazılıq yaranıb.
Bundan sonra Ülviyyə Muradova sosial şəbəkədə bu məsələ ilə əlaqədar paylaşımlar etdiyindən Bəxtiyar Hacıyev onun evinə gedərək mübahisə yaradıb.
Tərəflərin şikayətləri araşdırılıb və əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilib.
Eyni zamanda onlara şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunması, vurulmuş zərərin ödənilməsi və əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunub.
Bundan sonra Bəxtiyar Hacıyev xüsusi ittiham qaydasında Ülviyyə Muradova barəsində Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdi. Müraciətlə əlaqədar ötən il oktyabr ayının 15-də keçirilən məhkəmə iclasında fasilə zamanı Bəxtiyar Hacıyev Ülviyyə Muradovanın ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə yaradıb, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Ülviyyə Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq edib.
Fakta görə Yasamal Rayon Polis İdarəsində Cinayət Məclləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir, tamamlandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Bütün bunlara baxmayaraq Ülviyyə Muradova və Bəxtiyar Hacıyev bu proseslərdən narazı qalaraq bir-birilərinin həbs edilməsini tələb edirlər. Hər dəfə də onlara izah edilir ki, istintaq başa çatdıqdan sonra məsələyə məhkəmədə hüquqi qiymət veriləcək".