Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərindəki tarixi Qələbəmiz düşmənin 30 illik işğalçı siyasətinə son qoydu. Bu Zəfər həm də Azərbaycan Ordusunun dünyada ən güclülərdən biri olduğunu təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında rəşadətli Ordumuza “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə sözün həqiqi mənasında, mövqeyini qoyub qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır.
Bu fikirləri "Unikal"a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Bakının mərkəzində yaradılmış Hərbi Qənimətlər Parkı Ordumuzun qəhrəmanlığını əks etdirən ən nadir nümunələrdəndir. Bu park, eyni zamanda, düşmənə göz dağıdır. Parkın ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi: “Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin və Silahlı Qüvvələrimizin qəhrəmanlığının nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar ölkəmizə Zəfər qazandıran döyüşləri, əsgər və zabitlərimizin cəsurluğunu, mərdliyini bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Rəşadətli Ordumuz bu gün də Vətənin bir qarış torpağını düşmənə verməz”.
Vətən müharibəsində Ordumuzun möhtəşəm döyüş taktikasının dünyanı heyran, erməniləri isə peşman etdiyini vurğulayan Ç.Qənizadə beynəlxalq hərbi ekspertlərin Ordumuz haqqında fikirlərini də xatırladıb: “Onların qənaətinə görə, hücum dronlarının döyüşdəki yüksək hədəf dəqiqliyi dünya hərb tarixində bir ilkdir. Qeyd edib ki, İkinci Qarabağ müharibəsi Ordumuzun gücünü, müasirliyini göstərdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində dəfələrlə məlumat verilib ki, inkişaf etmiş ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və digər qüdrətli dövlətlər İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin hərbi taktikasını, bütövlükdə bütün aspektlərini öyrənirlər. Öz Ordularını müasir standartlara, modern tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Biz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”.
Bu gün dünyanın demək olar bütün ölkələrinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəklədiyini diqqətə çatdıran hüquq müdafiəçisi vurğulayıb ki, bunu haqq savaşında qazandığımız parlaq Qələbə münasibətilə dövlətimizin başçısına ünvanlanmış çoxsaylı təbriklər də təsdiqləyir. Müzəffər Ordumuz azğın düşmənin törətdiyi təxribatlara layiqli cavab verdi.
Hərbçilərimizin qəhrəmanlığı ilə qazanılan şanlı Qələbəmizin gənclərimizdə vətənpərvərlik ruhunu daha da artırdığını vurğulayan Ç.Qənizadə deyib: “Gənclərin orduya dəstək üçün nümayiş etdirdikləri birlik bir daha göstərir ki, ölkəmizdə milli mənəviyyat, vətənpərvərlik hissi yüksəkdir. Azərbaycan xalqı öz ərazi bütövlüyünü qorumağa hər an hazırdır. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dövlət və ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar və onun ətrafında bir yumruq kimi birləşmiş xalq ilə dövlətimiz güclü, rəşadətli orduya malikdir”.
Hüquq müdafiəçisi Prezident-xalq-ordu birliyini əks etdirən möhkəm bağlılığın xalıqımızı daha da qürurlandırdığını vurğulayıb. Qeyd edib ki, Vətən qarşısında öz borcunu dərk edən Azərbaycan övladı kimi şərəflə ordu sıralarına qoşulmağı hər bir vətəndaşımız səbirsizliklə gözləyir. “Biz Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin hər bir qərarını dəstəkləyir və onun icrasına daim hazırıq. Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməyəcək. Biz birlikdə güclüyük”, - deyə Ç.Qənizadə əlavə edib.