Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” qanunun 35-ci və 35-1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 11-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsi sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması, 35-1 maddəsi isə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə bağlıdır.