Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kənd sakinləri Ayaz Abbasov və Yalçın Əhmədov həmin kənd ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd edərkən nəzarət qaydasına uyğun RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb, buna baxmayaraq onlar mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə A.Abbasov və Y.Əhmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.