Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

"Unikal" xəbər verir ki, Rövşən Lənkəranskinin yaxın adamı hesab edilən Camal Həsənov uzun müddət axtarışda olub.

O, 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Camal Həsənova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Baş Prokurorluğun İstintaq İdarəsində onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.

Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib.

O, bunun müqabilində 50 min rubl alıb.

Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.(apa.az)