Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.
"Unikal" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 aprel 2022-ci il tarixində səhər saatlarından etibarən rayon ərazisində təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına yeni ağac və gül kolları əkilib.
Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb. Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara müraciət edilərək özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılması istiqamətində müvafiq tədbirlər görülüb.
Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak edib.