“Azərsu” ASC işə qəbul üçün müraciətləri elektron qaydada qəbul etməyə başlayıb.
"Unikal" bu barədə quruma istinadən xəbər verir.
Bu məqsədlə azersu.az saytında “Karyera” bölməsi yaradılıb və e-su.az portalı üzərindən Elektron Hökumət Portalına inteqrasiya olunub.
İşə qəbul üçün müraciət etmək istəyənlər Cəmiyyətin rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsində “CV müraciət” və “Vakansiya” bölmələrindən birini seçərək şəxsiyyət vəsiqəsi üzrə Fərdi İdentifikasiya Nömrəsi (FİN) və adına olan mobil telefon nömrəsini yazmaqla qeydiyyatdan keçə bilərlər. “CV müraciət” bölməsi vasitəsilə edilən müraciətlər kadr ehtiyat bazasına daxil edilir.
“Vakansiya” bölməsində isə konkret vakant iş yerləri göstərilir və vətəndaşlar həmin vəzifə haqqında məlumat əldə etdikdən sonra bu bölmədən çıxmadan müraciət edə bilərlər.
Hər iki halda hazır elekton müraciət forması yaranır. Portal Daxili İşlər Nazirliyinin sisteminə inteqrasiya edildiyindən müraciət edənin şəxsi məlumatları həmin formada görünür. Boş qalan, xüsusilə ulduz işarəsi ilə fərqləndirilən xanalar müraciət edən şəxs tərəfindən doldurulur. İşə qəbul olmaq istəyənlər təhsil, iş təcrübəsi və təltifləri barədə məlumatları daxil edirlər.