İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək.
"Unikal" xəbər verir ki, bu, parlamentin iclasında I oxunuşda müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu Qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilmir. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq bu qanun nəzərə alınmaqla kompensasiya ödənilir.
Qeyd edilib ki, bu qanuna uyğun olaraq ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun olur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.
Layihəyə əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzi, o cümlədən əldən çıxmış fayda Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödəniləcək. İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə və ya Azərbaycan Respublikasının qanunlarına, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq dayandırılacaq. İnvestisiya fəaliyyətinə investorun özünün və ya məhkəmənin qərarı ilə, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq xitam veriləcək. Sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Anar Kəlbiyev