“Hökumət üzvləri hər dəfə Azərbaycanda biznes mühitinin çox yaxşı olduğunu bildirir. Amma doğurdan da biznes mühiti yaxşıdırsa, niyə azərbaycanlılar gedib, Gürcüstana, Qazaxıstana, Özbəkistana, Rusiyaya, Türkiyəyə investisiya yatırır ancaq bir gürcü, özbək, qazax ölkəmizə investisiya qoymur? Bu məsələ araşdırmalıdır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev yeni hazırlanan “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Mübahisələrin həlli ilə bağlı qanun layihəsində qeyd olunur ki, Azərbaycanda bu cür investisiya fəaliyyəti ilə bağlı mübahisələr yarananda, onlar Azərbaycan məhkəmələri ilə həll olunur. Açıq deyək ki, bizim məhkəmələrə etimad və inam o qədər də yüksək deyil”, - deputat bildirib.
O qeyd edib ki, əgər investisya müqaviləsində tərəflərindən biri xarici investordursa və bağlanan müqavilədə göstərilərsə, ona birbaşa beynəlxalq arbitraj məhkəməsinə müraciət hüquqi verilməlidir.
Anar Kəlbiyev