Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sahibkarlarla növbəti, sayca 25-ci görüşü Kürdəmir rayonunda baş tutub.
"Unikal" "Azəriqaz"a istinadən xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak edib.
"Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiyada ünvanlanan hər bir müraciətin baş direktora təqdim olunacağını diqqətə çatdıraraq, vətəndaşları görüşdə fəal iştirak etməyə çağırıb.
Çörək istehsalı ilə məşğul olan Mübariz Bəkirov istehlak etdiyi təbii qazın qiymətində müəyyən güzəştlərin olunmasını xahiş edib. Daxil olan müraciətlə bağlı sahibkara lazımi məlumat verilib.
Süd emalı zavodunun nümayəndəsi Fərhad Rəcəbov bəzi hallarda təbii qazın təzyiqinin aşağı olmasından narazılıq edib. Bundan əlavə o, təbii qaz təchizatında fasilə yaranacağı təqdirdə əvvəlcədən məlumat verilməsini xahiş edib.
Hər zaman olduğu kimi sahibkarlarla yanaşı, sakinlər də "Səyyar qəbul otağı"nın imkanlarından yararlanıblar. Kürdəmir rayonunun Xırdapay kənd sakinləri uzun illərdir təbii qazdan istifadə edə bilmədiklərini bildiriblər. İ.Kərbalayev Kürdəmir rayonunda mövcud olan 62 yaşayış məntəqəsinin hər birinin təbii qazla təmin edildiyini, yəni, rayon üzrə qazlaşdırılma səviyyəsinin 100% olduğunu diqqətə çatdıraraq, vətəndaşın müraciət etdiyi ünvanın yeni yaşayış massivi olduğunu qeyd edib. Tədbirdə həmin yeni yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı müraciətin İstehsalat Birliyinin rəhbərliyinə çatdırılacağı vurğulanıb.
Kürdəmir rayon sakini Məhəmmədəli Kərimov yaşadığı fərdi yaşayış evində təbii qazın təzyiqinin aşağı olmasından narazılıq edib. Görüş başa çatdıqdan sonra Birlik nümayəndələri dərhal sözü gedən evə baxış keçiriblər. Baxış zamanı abonentin qaz təchizatında təzyiqin aşağı olması ilə bağlı hansısa bir fakt aşkar olunmayıb. Abonent göstərilən xidmətə görə təşəkkür edib.