Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Müraciətlər, əsasən, vahid aylıq müavinətin təyin edilməsi, status, məşğulluq və işğaldan azad olunmuş ərazilərə qayıdış məsələləri ilə bağlı olub. Məlumat verilib ki, Prezident İlham Əliyev vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə diqqət göstərir, onların problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.
Qəbulda vətəndaşların müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramına uyğun olaraq, bu müsabiqənin qalibi Xamis Seyranov da vətəndaşların qəbulunda iştirak edib. Dövlət Komitəsində “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramı ötən ilin oktyabr ayından icra edilir. Komitə sədri mentorluq etdiyi Xamis Seyranovla mütəmadi olaraq görüşür, müvafiq fəaliyyət planına uyğun olaraq, öz idarəçilik təcrübəsini onunla bölüşür, şəxsi inkişaf məsələlərinə dair məsləhətlər verir. Dövlət Komitəsində vətəndaşların növbəti qəbulunda iştirak edərək Xamis Seyranov məcburi köçkünləri maraqlandıran məsələlərlə yaxından tanış olmaq imkanı qazanıb.