Şəki rayonunda suvarmaya ciddi hazırlıq işləri gedir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 39 min hektara yaxın suvarılan torpaq sahələrinə xidmət göstərir. Əkin sahələrinin su ilə təminatı üçün 910 km uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili kanallardan istifadə olunur. Bundan başqa Şəki rayonunun 7780 hektar və Qax rayonunun 3 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təminatı üçün Əyriçay Su Anbarından nasoslar vasitəsi ilə su vurulur. Suvarma ümumi uzunluğu 46,555 km olan kanalların və üzərində olan 138 ədəd hidrotexniki qurğuların, o cümlədən balansda olan 5 ədəd nasos stansiyası vasitəsi ilə həyata keçirilir. İdarə tərəfindən əhalinin suvarma və içməli suyuna olan təlabatını ödəyən subartezian quyularının da əsaslı və cari təmir işləri aparılır. Belə quyulardan biri də rayonun Baş Küngüt kəndində yerləşir. Bu quyu uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Artıq həmin quyu əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.
İdarə tərəfindən ötən il Əyriçay Su Anbarının İstismarı sahəsinin sol sahil magistral kanalının sol qolunun 2000 paqonometrə qədər hissəsində dəmir-beton novların əsaslı təmir işləri aparılıb. Hazırda 1000 kubmetrlik anbarda lildən təmizləmə işləri həyata keçirilir.
Bundan başqa su istifadəçilərinə verilən suyun itkisiz və daha səmərəli çatdırılması üçün kanallarda lildən təmizləmə işləri mütəmadi olaraq davam edir. Bu işlərin davamı olaraq bu günə qədər rayonun 7 kəndinin 6000 hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təmin edən ümumi uzunluğu 28 km olan Dəhnə beton kanalın 9 kilometrdən çox hissəsində əsaslı təmir işləri aparılıb. Bu il isə daha 2 km-dən artıq təmir işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Şəki Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən 67 min hektardan artıq qış otlaqlarının su təminatı da həyata keçirir. Acınohur Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı sahəsinin ümumi uzunluğu 119 km olan Acınohur təzə xəttinin 2021-ci ildə 3700 paqonometr hissəsində əsaslı təmir işləri aparılıb. Bu il xəttin 1100 metrlik hissəsində bu işlərin davamı nəzərdə tutulub.