Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ənənəyə sadiq qalaraq müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak etməkdə davam edir və fərqli ölkələrin təhsillə əlaqədar təcrübələri öyrənməklə inkişafa yönəlmiş tədbirləri icra edir.
"Unikal" xəbər verir ki, hazırda universitetin tərəfdaş olduğu “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları” (PICASP) və “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihələri də buna bariz nümunədir.
ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ Ali təhsil sahəsində potensialın gücləndirilməsi proqramının layihəsi olan PICASP konsosium üzvlərinin onlayn görüşündə çıxış etmişdir. F. Qaçabəyova ATMU tərəfindən qeyd olunan layihənin meneceri olaraq Azərbaycan, İtaliya, Litva, Polşa, Qazaxıstan və Rusiyadan olan layihə tərəfdaşlarına universitet tərəfindən layihənin icrası ilə əlaqədar görülmüş işlər, layihə gedişatına əngəl törədən səbəblər, o cümlədən COVİD 19 pandemiyası səbəbindən təlimlərin təxirə salınması ilə əlaqədar yaranan çətinlikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və layihə tərəfdaşları olan Xəzəryani ölkələrdə həmin çatışmazlıqları aradan qaldırılması məqsədilə təklifləri irəli sürmüşdür.
Tədbirin davamında digər ölkə nümayəndələrinin çıxışları dinlənilib və layihənin müsbət təsirini artırmaq üçün qərarlar qəbul olunmuşdur.