Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, həftələr əvvəl İstanbulda sülh danışıqlarından sonra Rusiyanın Kiyevi tərk edəcəyini və bu bölgələrdə zorakılığı azaldacağını açıqlaması beynəlxalq ictimai rəydə ümid işığı doğurdu. Lakin rus əsgərlərinin geri çəkilməsi ilə başda Buça olmaqla bir çox şəhərdə çoxlu mülki vətəndaşın işgəncələrə məruz qalaraq öldürüldüyü ortaya çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Buçada rus qüvvələrinin qeyri-insani zorakılığı, işgəncəsi və hücumu beynəlxalq ictimaiyyətdə danışılarkən rəsmi Moskvadan yeni qərar gəlib.
Almaniyanın "Bild" qəzeti Buçadakı hücumun arxasında rus ordusunun 64-cü motoatıcı briqadasının əsgərlərin olduğunu bildirərək, onların fotoşəkillərini ictimaiyyətlə paylaşıb.
Bundan əlavə nəşr, Rusiya liderinin hadisələrdən sonra həmin briqadanın əsgərlərini mükafatlandırdığını yazıb. Həmçinin Putin 64-cü motoatıcı briqadanın adına “Qoruyucu” adını əlavə etmək qərarına gəlib. Dövlət başçısı açıqlamasında sözügedən əsgərlərin qəhrəmanlıq, cəsarət və əzmkarlıq göstərdiyini bildirib.
"Bu, böyük peşəkarlıq tələb edir”, - deyə o ifadə edib.
Digər tərəfdən, Ukrayna administrasiyası Buçadakı zorakılıqlara görə 64-cü motoatıcı briqadanı günahlandırıb. Buçada mülki şəxslərin öldürülməsindən sonra Ukrayna hərbi kəşfiyyat bölmələri rus əsgərlərinin adları və şəxsi məlumatları ilə bağlı təfərrüatları ictimaiyyətlə paylaşıb.
Gülayə Mecid