Aprelin 19-da Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
“Unikal” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Cari ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb.
Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1.689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini nəzərə çatdırıb.